Daxili İşlər Nazirliyi istirahət günləri baş verən cinayət faktları və hadisələr barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, martın 2-də və 3-də ölkə ərazisində qeydə alınan 98, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 43, o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 60, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 94 nəfər saxlanılıb.

Bundan başqa, polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Martın 2-də və 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 3 ədəd tüfəng, 9 patron darağı və və 30 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Martın 2-də və 3-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 8 ədəd müxtəlif markalı tüfəng və 11 ədəd patron aşkar edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 2-də və 3-də ümumi çəkisi 8,5 kiloqramdan artıq narkotik vasitə, həmçinin 290 ədəd metadon həbi aşkar olunub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.