BAKI, 8 avqust. TELEQRAF
İsrail Hərbi Hava Qüvvələri İranla müharibədən sonra qüvvələrinin hazırlığını, kəşfiyyat, aşkarlama və izləmə proqramlarını dəyişdirib.
Teleqraf xəbər verir ki, bu barədə “Walla News” məlumat yayıb.
İsrail Hərbi Hava Qüvvələri hərbi əməliyyatlardan sonra hava nəzarəti sisteminin fəaliyyətini geniş şəkildə təhlil edərək, əldə olunan təcrübələri təlim proqramlarına daxil edib. Dəyişikliyin əsas istiqamətlərindən biri uzaqmənzilli hücumlar, hava hücumundan müdafiə əməliyyatları və çoxsaylı hərbi təyyarələrin hərəkətinin eyni vaxtda davam etdiyi şəraitdə şəxsi heyətin çox sürətli qərar qəbul etməsinə hazırlıqdır.
İsrail Hərbi Hava Qüvvələrinin yüksək rütbəli zabitlərindən biri “Walla News”a deyib: “Təlim proqramlarımızı yenidən nəzərdən keçirərək, çox sürətli qərar qəbul etmək bacarığına daha çox fokuslanmağa başlamışıq”.
Onun sözlərinə görə, bu yanaşma əvvəllər hava məkanının idarə olunmasında tətbiq edilirdisə, indi hava hücumundan müdafiə sahəsinə də genişləndirilib.
“Walla News”un yazdığına görə, İrana qarşı müharibə zamanı bu problemin miqyası görünməmiş səviyyədə olub. Yüzlərlə İsrail və ABŞ qırıcısı, yanacaqdoldurma təyyarəsi, idarəetmə təyyarəsi, helikopter və dron bölgədə fəaliyyət göstərib. Hava hücumundan müdafiə sistemləri də İran və Livandan buraxılan raket və dronları aşkarlamalı və izləyərək zərərsizləşdirməli olub.
Yüksək rütbəli İsrail zabitlərindən biri bu vəziyyəti “tarixin ən tıxaclı hava məkanı” kimi xarakterizə edib. O bildirib ki, ABŞ təyyarələrinin sayının artması əməliyyatların koordinasiyasını daha da mürəkkəbləşdirib və şəxsi heyət iki dildə fəaliyyət göstərməyə məcbur olub.