BAKI, 8 avqust. TELEQRAF
"Fövqəladə Hallar Könüllüləri" Proqramının 4-cü mərhələsinə qeydiyyat başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, təhsilindən asılı olmayaraq 18-30 yaş arası hər kəs "Fövqəladə Hallar Könüllüləri" proqramına qoşula bilər.
İlkin qeydiyyat və müsahibə mərhələlərini uğurla başa vurmuş iştirakçılar nəzəri və təcrübi biliklər qazanmaq üçün Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən yanğın təhlükəsizliyi, mülki müdafiə, axtarış-xilasetmə işi, ilk yardım, ilkin psixoloji yardım, su hövzələrində təhlükəsizlik, fövqəladə hallar zamanı davranış qaydaları və digər sahələr üzrə təlimlərə cəlb olunacaqlar.
Təlim proqramını uğurla başa çatdırmış könüllülərə proqramın sonunda FHN tərəfindən müvafiq sertifikat veriləcək.
Könüllü olmaq istəyən gənclər bu il avqustun 31-dək bu linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.