Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət faktları və hadisələr barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, fevralın 29-da ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 141, o cümlədən borclu şəxs qismində axtarışda olan 105 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 42, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 77 nəfər saxlanılıb.

Bundan başqa, polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir. Fevralın 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 6 ədəd müxtəlif markalı tüfəng, 1 patron darağı və 44 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Fevralın 29-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd tapança, 2 tüfəng, 1 patron darağı və 12 ədəd patron aşkar edilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 29-da Xankəndi şəhəri ərazisində 3 ədəd dron, 12 ədəd müxtəlif markalı avtomat silahı, 39 ədəd müxtəlif markalı tüfəng, 8 patron darağı, 545 ədəd müxtəlif çaplı patron, 30 ədəd rabitə vasitəsi və digər sursatlar aşkar olunub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 29-da ümumi çəkisi 42,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 15 kiloqrama yaxın heroin, 27,6 kiloqramdan çox marixuana, 200 qrama yaxın tiryək və metamfetamin, həmçinin 833 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.