BAKI, 22 iyul. TELEQRAF
Deyirlər ki, millətin yolu ancaq sözün işığı ilə nurlanar, o işıq sönəndə, hər tərəfi qaranlıq basar. Tarixin hər dövründə millətlər öz varlığı uğrunda mübarizə aparıblar. Kimisi qılıncla döyüşüb, kimisi də qələmlə... Azərbaycan xalqının tarixi yaddaşında 150 il öncə qələm bir çıraq kimi yandı və o çıraq ilk dəfə bu sözlərlə hər tərəfə işıq saçmağa başladı: "Hər kəs bu qəzetdə hər bir qism əhvalat barəsində məktublar basdıra bilər və əgər bir kəs bu günə məktubatı həmişə göndərməyə xahiş etsə, ol kəs üçün qəzet müftə göndərilir".
Bu sətirlər Həsən bəy Zərdabinin yaratdığı və Qafqaz vilayətinin Badi-kübə şəhərində işıq üzü görən "Əkinçi" qəzetinin ilk nömrəsində yazılmışdı. Bu tarixi hadisə qəzetçilikdən daha çox, xalqın maarifə, azad sözə, milli kimliyə doğru ilkin addımları idi. Azərbaycan milli mətbuatının tarixi yalnız maarifçilik ənənələrinin inkişafı deyil, həm də milli şüurun formalaşması tarixidir. 1875-ci il iyulun 22-də işıq üzü görən "Əkinçi" qəzetinin əsas məqsədi xalqın oyanışı, ana dilinin qorunması və milli kimliyin qabardılması idi. Zərdabi xalqı cəhalətdən çıxarmaq, kəndlinin haqqını müdafiə etmək və təhsili təşviq etmək üçün qələmi silaha çevirmişdi. Bu işığın davamı olaraq sonrakı illərdə "Kaspi", "İrşad", "Füyuzat" və "Molla Nəsrəddin" kimi nəşrlər meydana çıxdı. Onlar maarifçilik, satira və milli ideyaları ön plana çəkərək, millətin öz taleyinə sahib çıxması üçün çağırışlar edirdilər. Uzun illər sonra, Sovet dönəmində Azərbaycanın milli mətbuatı senzura və ideoloji çərçivələrlə əhatə olunsa da, millətin mədəni və tarixi yaddaşını qoruyan bir platforma kimi mövcudluğunu davam etdirdi. Ədəbi və publisistik mətbuat xalqın duyğularının sönməsinə imkan vermədi, özünüdərkin yaşamasına xidmət etdi. Uzun illər keçdi... Mətbuat bəzən sərbəst nəfəs aldı, bəzən də senzura zəncirləri arasında boğuldu. Amma xalqın yaddaşını, sözün gücünü qorudu. Və nəhayət, yol 1991-ci ilə Azərbaycanın müstəqilliyinə, azad sözün yeni nəfəsinə çatdı.

1991-ci ildə müstəqilliyin bərpası ilə milli mətbuat qarşısında yeni vəzifələr dayanırdı. Söz azadlığının bərqərar olması, müstəqil medianın yaranması və informasiya axınının sürətlənməsi media üçün həm böyük imkanlar, həm də məsuliyyətlər yaradırdı. Hələ Azərbaycanın müstəqilliyinin ilk illərində Ulu Öndər Heydər Əliyev milli mətbuatın inkişafını Azərbaycanın dövlət quruculuğunun əsas dayaqlarından biri kimi qiymətləndirirdi. Onun təşəbbüsü ilə 1998-ci ildə senzuranın ləğv edilməsi milli medianı azad sözün və cəmiyyətin aynasına çevirdi. Heydər Əliyev jurnalistikanı yalnız informasiya vasitəsi deyil, həm də milli maraqların qorunması, dövlətçiliyin möhkəmləndirilməsi üçün strateji bir güc kimi dəyərləndirirdi. Onun müəyyən etdiyi yol xəritəsi bu gün də Azərbaycan mediasının inkişafında əsas xətt olaraq qalır.
Son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə medianın inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşib. Azərbaycanda mətbuat müstəqilliyinin qorunması, informasiya təhlükəsizliyinin təmin edilməsi, qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması və jurnalistlərin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl addımlar atılıb.

Milli Mətbuat Günü - iyulun 22-si ərəfəsində hər il jurnalistlərin fəxri ad və medallarla təltif edilməsi, media sektorunda innovasiyaların dəstəklənməsi dövlətin sözə verdiyi dəyərin bariz göstəricisidir. Bu həm də medianın dövlətçilik və milli maraqlar naminə məsuliyyətli mövqeyə sahib olmasını təmin edir. Azərbaycan bu gün yalnız enerji və iqtisadiyyat sahəsində deyil, həm də informasiya və diplomatik platforma kimi regionda və dünyada nüfuz qazanır. 2023-cü ildən Şuşada keçirilən Qlobal Media Forumu Azərbaycanın informasiya mübarizəsindəki qətiyyətini və beynəlxalq mövqeyini gücləndirən mühüm tədbirdir. Bu forumda hər il dünyanın müxtəlif qitələrindən - Avropa, Asiya, Afrika və Amerikadan onlarla ölkənin media nümayəndələri iştirak ediblər. Forumlar təkcə peşəkar təcrübə mübadiləsi üçün deyil, həm də Qarabağın azad edilmiş torpaqlarında aparılan bərpa və quruculuq proseslərinin, Azərbaycanın yeni reallıqlarının dünya ictimaiyyətinə birbaşa çatdırılması üçün mühüm platformadır. Bu tip tədbirlərin təşkili Ermənistanın illərlə apardığı dezinformasiya siyasətinin ifşası baxımından da strateji əhəmiyyət daşıyır.
Bir neçə gün öncə Xankəndidə başlayan III Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya siyasətində yeni bir mərhələnin göstəricisinə çevrildi. Forum 52 ölkədən 140 qonağı, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrini bir araya gətirmişdi. Bu beynəlxalq tədbirə qatılan jurnalist, ekspert və media rəhbərləri ötən iki ildə olduğu kimi bu il də Azərbaycanın qlobal informasiya dialoqunda mühüm mərkəzə çevrildiyini təsdiqlədilər.
Prezident İlham Əliyevin forumdakı çıxışı tədbirin strateji məzmununu daha da dərinləşdirdi. Dövlətimizin başçısı Azərbaycanın haqq səsinin beynəlxalq müstəvidə çatdırılması üçün medianın rolunu xüsusi vurğuladı, Qarabağın bərpası və regionda yaranan yeni geosiyasi reallıqlar barədə aydın mesajlar verdi, informasiya müharibəsində ədalətli və obyektiv yanaşmanın vacibliyini qeyd etdi. Bu yanaşma, əslində, 150 il öncə Həsən bəy Zərdabinin "Əkinçi"də yazdığı o sadə, amma böyük mənalı çağırışın bugünkü davamı idi. O zaman qələm xalqı maarifə və söz azadlığına səsləyirdisə, bu gün Azərbaycan mediası eyni missiyanı, amma artıq qlobal miqyasda davam etdirir.
Həsən bəyin "Əkinçi"də yazdığı sadə bir cümlə, xalqın sözə çıxış haqqını ifadə edən o çağırış bu gün Azərbaycan mediasının qlobal səviyyədə səsinin eşidilməsinə qədər uzanan yolun başlanğıcı oldu.

150 il əvvəl qələm xalqı maarifə çağırırdısa, bu gün Azərbaycan mətbuatı həm maarifləndirmə, həm də milli maraqların beynəlxalq müdafiəsi missiyasını daşıyır. Dövlətin dəstəyi, Prezident İlham Əliyevin strateji vizyonu və media qurumlarının peşəkarlığı ilə milli mətbuat artıq yalnız xəbəri ötürən vasitə deyil, dövlətçilik və milli iradənin informasiya qalasıdır. Və bu 150 illik yol bir daha göstərir ki, silah döyüşləri qazansa da, tarixi yazan həmişə sözdür. Azərbaycan mətbuatı isə bu tarixi yazmaqda davam edir: həm Şuşanın işıqlı küçələrində, həm Xankəndinin dirçələn torpaqlarında, həm də dünyanın hər guşəsində səslənən haqq sözün dilində.
Bu söz, bu səs, bu işıq millətin qəlbində daim yaşayacaq, gələcək nəsillərə yol göstərəcək. Çünki söz, tarix kimi əbədi və qüdrətlidir. Milli mətbuatımız hələ bundan sonra da 150 il boyunca dövlətçiliyin, milli iradənin və azadlığın aynası olaraq, gələcəyə güclü və işıqlı addımlarla baxmağın qarantı kimi qalacaq. Çünki Azərbaycan mətbuatı sözün nurundan doğan, dövlətin himayəsi ilə möhkəmlənən və xalqın qəlbində yaşayan əbədi bir mirasdır.