BAKI, 11 iyun. TELEQRAF
Azərbaycanın özünü kənd təsərrüfatı ilə təminetmə səviyyəsi yüksəlib.
Teleqraf xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri Bağış Əhmədov “Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda aqrar sahə profilli QHT-lərin ictimai müzakirəsində deyib.
O bildirib ki, 2030-cu ildə Azərbaycanda kənd təsərrüfatında yaranan əlavə dəyərin 2025-ci ilə nisbətən ən azı 10,4% artacağı gözlənilir.
"Bu da əsasən ixrac hesabına təmin ediləcək. Qeyd edilən dövrdə kənd təsərrüfatı, balıqçılıq və emal məhsullarının ixracının təxminən 34% artacağı proqnozlaşdırılır. Kənd təsərrüfatı ölkə üzrə ÜDM-də 5,9% paya malik olsa da, kənd yerlərinin inkişafında məşğulluğun və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir", - o vurğulayıb.
B.Əhmədov əlavə edib ki, ən ciddi məsələlərdən biri heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılmasıdır:
"Bu süd istehsalına da təsir edir. Ən ciddi məsələlərdən biri də bitkiçilik sahəsinin mövsümü xarakter daşımasıdır. Anbar təsərrüfatının genişləndirilməsi də qarşıda duran məsələlərdən biridir".