BAKI, 26 dekabr. TELEQRAF
"Mənzillə təmin olunanlar arasında olduğum üçün çox sevincliyəm. Cənab Prezidentə təşəkkür edirəm".
Bunu Teleqraf-a açıqlamasında Azərbaycan gimnastı Tofiq Əliyev Prezident İlham Əliyev tərəfindən mənzillə təmin olunması barədə danışarkən deyib.
"Həyatımda xatırlamadığım iki an olub. Dünya Oyunlarında etdiyim kombinasiyadan sonra batuta düşdüyüm andan sonrakı və bu gün Prezidentlə görüşdüyüm anı xatırlamıram. Salamlaşdığım yadımdadır, amma hisslərim yadımda deyil. Çox həyəcanlı idim. Bu hədiyyə mənim üçün həm gözlənilməz oldu. Ailəmin bu barədə məlumatı yoxdur. Onları axşam restorana dəvət etmişəm. İnşallah, mətbuatda bunu görməyəcəklər. İstəyirəm, onlara bunu sürpriz edim. İndiyədək bütün yarışlarda maksimum nəticə əldə etmək üçün çalışırdım, bundan sonra da belə olacaq", - deyə Əliyev bildirib.
Qeyd edək ki, Tofiq Əliyev bu il avqustun 10-da Çinin Çendu şəhərində keçirilən Dünya Oyunlarında 30,500 xal toplayaraq gümüş medal qazanıb. Həmin yarışda idmançımız batut gimnastikası tarixində ilk dəfə olaraq "tam-tam-tam" ("full-full-full" və ya "triple full") – hər bir dövrədə tam 360° fırlanma olmaqla üçlü arxa salto elementini uğurla icra edib. Bu element bundan əvvəl heç bir gimnast tərəfindən rəsmi şəkildə yerinə yetirilməmişdi.