YEVLAX, 20 noyabr. TELEQRAF

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XII turunda baş tutan “İmişli” ilə oyundan (2:2) sonra keçirilən mətbuat konfransında Teleqraf-ın suallarını cavablandırıb.

Mütəxəssis Azərbaycan yığmasının UEFA Millətlər Liqasının D qrupunu lider tamamlaması barədə danışıb:

“Onlar bunun üçün çox çalışırdılar, istəyirdilər və sonda buna nail oldular. Ayxan müəllimi təbrik edirəm”.

Sadıqov Azərbaycan millisində karyerasını başa vuran Emin Mahmudovun qərarına da münasibət bildirib:

“Emin Mahmudov Azərbaycan futbolu üçün çox şey edib. Çox qazanıb, çox şeyə nail olub. Təsadüfi deyil ki, o, qol kralı, milli komandamızın ən çox qol vuran futbolçusudur. İndi təbii olaraq onun yerini doldurmaq asan olmayacaq. Amma ümid edirəm ki, gənc futbolçularımız var. Emin Səfərov və digər oyunçular həmin mövqedə yavaş-yavaş çalışırlar ki, A milli komandada əsas futbolçulara çevrilsinlər. İnşallah, gələcəkdə onu əvəzləyə bilərlər. Amma bu, asan olmayacaq”.