BAKI, 7 iyul. TELEQRAF
“İlk hissədən oyunda üstünlük bizdə idi. Hesab edirəm, layiqli qələbə qazandıq”.
Teleqraf xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Bakıda UELS təmsilçisi “The New Saints”i (TNS) 2:0 hesabı ilə məğlub etdikləri ilk oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis qələbəni belə şərh edib:
“Öz komandamı və azarkeşlərimizi təbrik edirəm. Çox çətin qələbə qazandıq. Təlim-məşq toplanışı zamanı da bunun belə olacağını bilirdik. Bu tip komandalara qarşı oynayanda səbirli olmalı və yaranan fürsətlərdən maksimum yararlanmalısan. Hələ heç nə bitməyib. Bizi qarşıda UELS-də çox çətin oyun gözləyir. Süni örtüklü meydançada çıxış edəcəyik. Təəssüf ki, əsas oyunçularımızdan biri Stiv Solveti qırmızı vərəqə aldığı üçün itirdik. Hazırda 2:0 hesabı ilə öndəyik. Çalışacağıq ki, bu üstünlüyü əldən verməyək və səfərdən yaxşı nəticə ilə qayıdaq”.
Baş məşqçi transferlərlə bağlı da danışıb:
“Səfər oyunumuzda daha çox bərpa prosesinə fikir verəcəyik. Oyunçularımız daha yaxşı hazırlaşmalıdır. Hazırda orada kimlərin oynayacağını görəcəyimiz tezdir. Bizdə iş heç vaxt dayanmır, transfer pəncərəsi dayananda da, işləyəndə də. Bizim üçün ən önəmlisi Uelsdəki oyuna köklənməkdir. Daha sonra növbəti rəqibə köklnıcəyik. Zədələr də ola bilər. Ümid bəslədiyimizdən də aşağı şəkildə çıxış edə bilərlər. Onda çalışacağıq daha yaxşı oyunçu gətirək. Komandamızın kifayət qədər potensiallı oyunçuları var. Bunun üzərində də işləməliyik”.
Dambrauskas rəqib baş məşqçi daha çox uzun yoldan şikayətlənməsinin onlarını problem yaradıb-yaranmayacağı barədə suala belə cavab verib:
“Onlar necə bura gəlibsə, biz də uzun yol gedəcəyik. Süni meydançada oynayacağıq. Bu bir çağırışdır və bunu qəbul etməliyik. Elə etməliyik ki, rəqiblə oynayanada, heç bir bəhanəmiz olmasın”.