BAKI, 27 may. TELEQRAF

Bu gün UEFA Konfrans Liqasında final matçı keçiriləcək.

Teleqraf xəbər verir ki, həlledici oyunda İngiltərənin “Kristal Pelas” və İspaniyanın “Rayo Valyekano” komandaları üz-üzə gələcək.

Qarşılaşma Almaniyanın Leypsiq şəhərindəki eyniadlı stadionda baş tutacaq. Matç Bakı vaxtilə saat 23:00-da başlayacaq.

Final görüşünü İtaliya Futbol Federasiyasından Mauritsio Mariani idarə edəcək. Ona Daniele Bindoni və Alberto Tegoni kömək edəcəklər. Dördüncü hakim funksiyasını İsveçdən Qlenn Nyberq yerinə yetirəcək. VAR otağında isə italiyalı Marko Di Bello çalışacaq.

Arda Turanın baş məşqçisi olduğu “Şaxtyor”u yarımfinalda mübarizədən kənarlaşdıran “Kristal Pelas” tarixində ilk dəfə Avropa kubokunun finalına yüksəlib.

“Rayo Valyekano” da rəqibi kimi turnirin finalında debüt edəcək. İspaniya təmsilçisi həlledici görüşdə qalib gələrək tarixində ilk Avropa kubokunu qazanmağı hədəfləyir.

Qeyd edək ki, UEFA Konfrans Liqasının qalibi gələn mövsüm UEFA Avropa Liqasının liqa mərhələsində iştirak hüququ əldə edəcək.