BAKI, 27 may. TELEQRAF
“Real Madrid” klubunda prezident seçkilərinin tarixi açıqlanıb.
Teleqraf xəbər verir ki, seçkilər iyunun 7-də baş tutacaq.
Klub prezidentliyi uğrunda hazırkı rəhbər Florentino Peres və iş adamı Enrike Rikelme mübarizə aparacaq.
79 yaşlı Florentino Peres 2009-cu ildən “Real Madrid”ə rəhbərlik edir. O, daha əvvəl 2000-2006-cı illərdə də klubun prezidenti olub.
Peresin rəhbərliyi dövründə Madrid təmsilçisi 7 dəfə İspaniya çempionu, 3 dəfə ölkə kubokunun sahibi olub.
Komanda həmçinin 7 dəfə UEFA Çempionlar Liqasını, 7 dəfə İspaniya Superkubokunu və 5 dəfə klublararası dünya çempionatını qazanıb.
“Real Madrid” bu mövsüm İspaniya çempionatını ikinci pillədə başa vurub.
Komanda UEFA Çempionlar Liqasında isə 1/4 final mərhələsində mübarizəni dayandırıb.