BAKI, 26 may. TELEQRAF
AFFA Azərbaycan Premyer Liqası klublarını cərimələyib.
Teleqraf xəbər verir ki, bu barədə İntizam Komitəsinin iclasında qərar qəbul edilib.
Belə ki, XXXIII turda mayın 22-də baş tutan "Sumqayıt" – "Qarabağ" oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "kimyaçılar" 2 min 500 manat cərimə edilib.
"Qarabağ" komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyi üçün klub 8 min manat cərimə olunub.
Mayın 23-də baş tutan "Kəpəz" – "Neftçi" qarşılaşmasında "Kəpəz" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib. Oyunun 65-ci dəqiqəsində "Neftçi" komandasının 18 nömrəli futbolçusu İfenayi Metyu ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1-i şərti olmaqla 2 oyunluq cəzalandırılıb.
Bu səbəbdən paytaxt təmsilçisi 1000 manat cərimə edilib və sınaq müddəti 6 ay təyin olunub.