BAKI, 26 may. TELEQRAF
Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Qalatasaray” və “Fənərbağça” “Milan”ın futbolçusu Rafael Leao ilə maraqlanır.
Teleqraf xəbər verir ki, İstanbul klubları portuqaliyalı hücumçunu heyətinə qatmaq istəyir.
İtaliya mətbuatının məlumatına görə, son bir həftə ərzində həm “Qalatasaray”, həm də “Fənərbağça” Leao ilə bağlı ciddi maraq göstərib. Transfer yarışında “Qalatasaray”ın daha öndə olduğu bildirilir.
“Sarı-qırmızılılar”ın 26 yaşlı futbolçuya illik 10 milyon avro maaş təklif etməyə hazırlaşdığı iddia olunur. Leao hazırda “Milan”da ildə 5,5 milyon avro qazanır. Futbolçunun yaxın həftələrdə bu təkliflə bağlı qərar verəcəyi gözlənilir.
“Fənərbağça”da isə transfer məsələsinin prezident seçkilərindən sonra dəqiqləşəcəyi qeyd edilir.
Qeyd edək ki, bu mövsüm “Milan”dan ayrılacağı gözlənilən Rafael Leao 31 matçda 10 qol vurub və 3 məhsuldar ötürmə edib.