BAKI, 26 may. TELEQRAF

“Fənərbağça”da prezidentliyə namizəd Aziz Yıldırım transfer iddiaları ilə bağlı açıqlama verib.

Teleqraf xəbər verir ki, Yıldırım Aleksandr Sörlot və Məhəmməd Salah barədə yayılan xəbərlərə münasibət bildirib.

O, Sörlotla danışıqların olduğunu, lakin hələlik nəticə əldə edilmədiyini deyib:

“Sörlotla görüşmələr oldu, amma nəticə yoxdur. Ola da bilər, olmaya da bilər”.

Yıldırım Salah məsələsinə də toxunub. O bildirib ki, misirli futbolçu ilə rəsmi görüşmə olmayıb:

“Salahla görüşmə aparmadıq. Amma 20 milyon avro maaş istədiyini bilirik. Vergi və meneceri ilə birlikdə bu rəqəm 30 milyon avroya çatır. Yəqin ki, 2-3 illik müqavilə istəyər. Bu da 90 milyon avro deməkdir. Əgər “Fənərbağça”nın təcili ehtiyacı varsa, alarıq”.

Aziz Yıldırım baş məşqçi məsələsinə də aydınlıq gətirib. O, Aykut Kocamanın namizədlərdən biri ola biləcəyini bildirib:

“Aykut Kocaman baş məşqçi namizədlərimizdən biri ola bilər, amma konkret odur deyə bilmərəm. Mən seçilmədən ona "gəl, səni baş məşqçi edək" desəm, qarşı tərəf seçkidə qalib gəlsə və Aykutu istəsə, nə olacaq? Seçimin nəticəsinə görə lazım olanı edəcəyik”.