BAKI, 26 may. TELEQRAF

Almaniyanın “Volfsburq” klubu tarixində ilk dəfə futbol üzrə Bundesliqanı tərk edib.

Teleqraf xəbər verir ki, “Volfsburq” Bundesliqada iştirak hüququ uğrunda keçirilən cavab pley-off matçında “Paderborn”a əlavə vaxtda 1:2 hesabı ilə məğlub olub.

Qonaq komandanın heyətində qolları Filip Bilbiya və Lorin Kurda vurublar. “Volfsburq”un yeganə qoluna isə Cenan Peyçinoviç imza atıb.

Görüşün 14-cü dəqiqəsindən etibarən “Volfsburq” Yoakim Mehlenin qırmızı vərəqə alması səbəbindən azlıqda qalıb.

Komandalar arasında mayın 21-də keçirilən ilk oyun qolsuz heç-heçə ilə yekunlaşmışdı.

Mövsümün yekununa əsasən “Volfsburq” Bundesliqada 16-cı yeri tutub. “Paderborn” isə Almaniyanın ikinci bundesliqasında mövsümü 3-cü pillədə başa vuraraq elitaya vəsiqə qazanıb.

Birbaşa Bundesliqaya yüksələn komandalar “Şalke” və “Elfersberq” olub. “Haydenhaym” və “Sankt-Pauli” isə yüksək liqanı tərk edib.

Qeyd edək ki, “Volfsburq” 1996/97 mövsümünün nəticələrinə əsasən Bundesliqaya yüksəlmiş və son 29 ildə fasiləsiz olaraq Almaniyanın elit divizionunda çıxış etmişdi. “Paderborn” isə sonuncu dəfə 2019/20 mövsümündə Bundesliqada oynayıb.