BAKI, 25 may. TELEQRAF
"Avropa çempionatına yüksək əhval ruhiyyə ilə yollanırıq".
Teleqraf xəbər verir ki, bunu minifutbol üzrə Azərbaycan millisinin üzvü Ramiz Çovdarov deyib.
O, Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək turnir öncəsi jurnalistlərə açıqlamasında əsas məqsədlərinin azarkeşləri növbəti uğurla sevindirmək olduğunu bildirib. Təcrübəli oyunçu yığmanın yarışa tam hazır vəziyyətdə olduğunu vurğulayıb:
“Dünya çempionu olduqdan sonra məsuliyyətimiz daha da artıb. Avropa çempionatında da uğurlu çıxış edib azarkeşlərimizin ümidlərini doğrultmaq istəyirik”.
Çovdarov dünya çempionluğu titulunun rəqiblərin motivasiyasını artırdığını da qeyd edib. Onun sözlərinə görə, artıq bütün komandalar Azərbaycan millisinə qarşı daha ciddi hazırlaşır:
“Rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayacaqlar. Çünki dünya çempionuna qalib gəlmək hər komanda üçün önəmlidir. Buna baxmayaraq, biz də çətin mübarizəyə hazırıq və titul uğrunda sonadək savaşacağıq”.