BAKI, 20 may. TELEQRAF
İngiltərə Çempionşipində sensasion qərar qəbul olunub.
Teleqraf xəbər verir ki, pley-off finalına yüksələn "Southampton" “casusluq” qalmaqalına görə turnirdən kənarlaşdırılıb.
"Southampton" yarımfinal mərhələsində "Midlsbro"nu 2:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanmışdı. Lakin "Midlsbro" rəhbərliyi rəqib klubun məşq proseslərini gizli şəkildə izlədiyini iddia edərək İngiltərə Futbol Liqasına (EFL) rəsmi şikayət ünvanlayıb.
EFL-in yaydığı açıqlamada bildirilib ki, Müstəqil İntizam Komitəsi klubun digər komandaların məşq sessiyalarını icazəsiz qeydə almaqla liqa qaydalarını dəfələrlə pozduğunu müəyyən edib. Klub bu pozuntunu etiraf etdikdən sonra pley-off mərhələsindən kənarlaşdırılıb.
Qərara əsasən, "Midlsbro" rəsmi olaraq pley-off finalına yüksəlib. Bundan əlavə, "Southampton" 2026/27 mövsümündə tətbiq olunacaq 4 xallıq cəza ilə də üzləşəcək.
Qeyd edək ki, Çempionşip pley-off finalı mayın 23-də keçiriləcək.