BAKI, 19 may. TELEQRAF
Braziliya millisinin tarixində ən çox qol vuran futbolçusu Neymar 2026-cı il Dünya Çempionatı üçün heyətə cəlb olunub.
Teleqraf xəbər verir ki, italiyalı mütəxəssis Karlo Ançelotti təyinatından sonra hücumçuya ilk dəfə şans verib.
Heyətə düşməsi Neymarın karyerasında dördüncü Dünya Çempionatında iştirak edəcəyi anlamına gəlir. O, daha əvvəl 2014, 2018 və 2022-ci illər munidallarında da Braziliya millisinin formasını geyinib.
İtaliyalı mütəxəssis Ançelotti heyəti Rio-de-Janeyroda keçirilən mərasimdə açıqlayıb və Neymarın adı səsləndirilərkən azarkeşlər tərəfindən alqışlarla qarşılanıb.
“Biz Neymarı il boyu izlədik və gördük ki, son vaxtlar stabil oynayır… və fiziki durumunu yaxşılaşdırıb. O, bu Dünya Çempionatında vacib oyunçu olacaq. Mundialın ilk oyununa qədər o, fiziki durumunu daha da yaxşılaşdıra bilər. Onun bu cür turnirlərdə təcrübəsi var, komanda yoldaşlarının sevgisini qazanıb və kollektivdə daha yaxşı mühit yarada bilər.
Bu il bizimlə olan bəzi oyunçular bu siyahıdan razı qalmayacaq. Üzr istəyirəm və bizimlə olan hər kəsə təşəkkür edirəm”, - deyə, Karlo Ançelotti mətbuat konfransında bildirib.
Qeyd edək ki, 34 yaşlı futbolçu 2023-cü ilin oktyabrında sol dizinin ön çarpaz bağlarını (ACL) qopardıqdan sonra milliyə dəvət olunmurdu. Neymar 79 qolla Braziliya yığmasının ən yaxşı bombardiridir. O, bu il “Santos”un heyətində 8 oyuna çıxaraq 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.