BAKI, 18 may. TELEQRAF
Braziliya çempionatında keçirilən "Santos" – "Koritiba" qarşılaşması mübahisəli hakim qərarı ilə yadda qalıb.
Teleqraf xəbər verir ki, görüş zamanı Neymar ikinci hissədə sağ baldırında ağrı hiss etdikdən sonra meydanın kənarında tibbi yardım alıb. Bu anda dördüncü hakim əvəzetmə lövhəsində ulduz futbolçunun nömrəsini göstərərək onun əvəzlənəcəyini elan edib.
“Santos” tərəfi isə qərarın səhv olduğunu bildirib. Klub nümayəndələrinin iddiasına görə, meydanı tərk etməli olan futbolçu Neymar yox, 31 nömrəli Eskobar olub. Neymar vəziyyəti izah etmək üçün məşqçilər korpusunun hazırladığı əvəzetmə sənədini kameraya nümayiş etdirsə də, hakimlər qərarlarını dəyişməyiblər.
Nəticədə braziliyalı hücumçu oyunu vaxtından əvvəl tərk etməli olub. Qarşılaşma isə “Santos”un 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.