BAKI, 18 may. TELEQRAF

2026/27 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək komandalar müəyyənləşib.

Teleqraf xəbər verir ki, son vəsiqənin sahibi "Neftçi" olub. “Ağ-qaralar” Premyer Liqanın həlledici qarşılaşmasında "Sabah" üzərində 2:1 hesablı qələbə qazanaraq Avropa kuboklarına çıxış hüququ əldə edib.

Bakı təmsilçisi Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək və turnirə ilk təsnifat mərhələsindən start verəcək.

Ölkə çempionu "Sabah" UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində mübarizəyə başlayacaq. "Qarabağ" isə UEFA Avropa Liqasının I təsnifat mərhələsindən yarışa qoşulacaq.

Premyer Liqanı uğurla başa vuran "Turan Tovuz" isə UEFA Konfrans Liqasının II təsnifat mərhələsindən turnirə start verəcək.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunlarına iyulun 7-də start veriləcək. Avropa Liqasında və Konfrans Liqasında isə mübarizə iyulun 9-da başlayacaq. Konfrans Liqasının II təsnifat mərhələsinin ilk qarşılaşmaları isə iyulun 23-də keçiriləcək.