BAKI, 18 may. TELEQRAF

Türkiyə klublarının 2026-2027 mövsümündə UEFA turnirlərində iştirak formatı açıqlanıb.

Teleqraf xəbər verir ki, Türkiyə Futbol Federasiyası Superliqa mövsümünün başa çatmasından sonra komandaların Avropa kuboklarındakı mümkün marşrutlarını rəsmən müəyyənləşdirib.

Superliqanın qalibi "Qalatasaray" UEFA Çempionlar Liqasının əsas mərhələsinə birbaşa vəsiqə qazanıb. Mövsümü ikinci pillədə başa vuran "Fənərbağça" isə turnirə 2-ci təsnifat mərhələsindən qoşulacaq.

Çempionatı üçüncü sırada tamamlayan "Trabzonspor" UEFA Avropa Liqasında çıxış edəcək. Qara dəniz təmsilçisi Türkiyə Kubokunu qazandığı halda Avropa Liqasının pley-off mərhələsindən mübarizəyə başlayacaq. Komanda kuboku əldə edə bilməsə, turnirin 2-ci təsnifat mərhələsində iştirak edəcək.

Türkiyə Kubokunun taleyi digər klubların Avropa ssenarisinə də təsir edəcək. Kuboku "Konyaspor" qazandığı halda, bu komanda Avropa Liqasının pley-off mərhələsinə vəsiqə əldə edəcək.

Əgər kuboku "Trabzonspor" qazanarsa, "Beşiktaş" Avropa Liqasının 2-ci təsnifat mərhələsində çıxış edəcək, "Başakşehir" isə UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinə qatılacaq.

Kubokun "Konyaspor" tərəfindən qazanılması halında isə "Beşiktaş" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində oynayacaq. "Konyaspor" Avropa arenasına çıxacaq, "Başakşehir" isə avrokuboklardan kənarda qalacaq.