BAKI, 14 may. TELEQRAF
“Azərbaycan Kubokunun finalında favorit “Sabah” idi”.
Bunu Teleqraf-a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Arif Əsədov deyib.
O, “Sabah”ın mövsüm boyu sabit çıxış etdiyini vurğulayıb:
“Sabah” mövsüm boyu stabil oyun keçirdi. Həm keyfiyyət baxımından, həm də komanda olaraq bütün göstəricilərdə özünü nümunə kimi göstərə bildi. Bu baxımdan qələbə qazanacağı gözlənilən idi. Amma kubok oyununda bəzən nəticələr gözlənilənin əksinə olur. Dünənki matçda “Zirə” oyuna yaxşı başladı, qol vurdu. Amma sonradan müdafiəyə daha çox diqqət yetirdi. Bundan sonra rəqib oyuna diqtə etməyə, bir çox epizodlar yaratmağa başladı. Sonda da layiqli qələbə qazandı. “Sabah”ın məşqçilər heyətini, futbolçularını, komandanı həm çempionluğu, həm də Azərbaycan Kubokunu qazandıqları üçün təbrik edirəm”.
Əsədov “Zirə”nin də finala qədər gəlib çatmasını yüksək qiymətləndirib:
“Zirə”yə də alqış düşür. Artıq 3-cü dəfədir ki, “Zirə” finalda mübarizə aparır. Onlar hər dəfə həlledici görüşdə “Qarabağ”, “Sabah” kimi iddialı komandalarla qarşılaşırlar. Bəzən oyunun gedişində istək o qədər yüksək olur ki, bu hisslər komandanın titulu qazanmasına mane olur. Bu baxımdan birmənalı olaraq nəsə demək çətindir. Amma Rəşad Sadıqovun komandasının dəfələrlə final oynamasına alqış düşür. İnşallah növbəti dəfə kuboku əldə edərlər”.
Təcrübəli mütəxəssis “Qarabağ”ın mövsümü titulsuz başa vurmasına da münasibət bildirib:
“Tək Azərbaycanda yox, Avropada da bəzən güclü klublarda eniş yaşanır. Nəsildəyişmə, yeni bir period olur ki, bu zaman geriləmə baş verir. “Qarabağ” da bu il Çempionlar Liqasında yaxşı mövsüm keçirdi. Ölkəmizi layiqincə təmsil etdi. Amma çempionata fokuslana bilmədi və lazımsız xallar itirdiyinə görə sonda titulsuz qaldı. Amma düşünürəm ki, bu, komandanın gələcəkdə xeyrinə işləyən amildir”.
Arif Əsədov sonda “Turan Tovuz”un avrokuboklara vəsiqə qazanmasını da xüsusi qeyd edib:
“Turan Tovuz”u da təbrik etmək istəyirəm. Uzun illərdən sonra yenidən ölkəmizi Avropada təmsil edəcəklər. “Turan Tovuz” buna layiq idi. Ötən ildən görünürdü ki, komandada böyük dəyişikliklər var. Yeni məşqçi gəldi, klubun iddiası yüksəldi. Keçən il də kubok oyunundan sonra (“Sabah”ın kuboku qazanması ilə - red.) “Turan Tovuz” avrokuboklardan kənarda qalmışdı. Amma bu il komanda taleyini özü həll etdi. Bu baxımdan onlara da uğurlar arzu edirəm. Məncə, “Turan Tovuz” azarkeşlərinə layiqli üçüncü yer bəxş etdi”.
Veteran futbolçu Mahmud Qurbanov “Sabah” həm çempionatda, həm də Azərbaycan Kubokunda uğurlu çıxış etdiyini bildirib:
“Kubokun finalında 1:0 hesabı ilə geri düşmələrinə baxmayaraq, dönüş etməyi bacardılar və qələbə qazandılar. Bununla da, bu mövsüm “qızıl dubl” etdilər”.
Qurbanov Bakı təmsilçisinin uğurunun təsadüfi olmadığını vurğulayıb:
“Hər halda, bu mövsüm iddialı, güclü və möhtəşəm bir “Sabah” gördük. Həm komanda oyunu, həm də futbolçuların keyfiyyəti baxımından fərqlənirdilər. Özlərini yaxşı tərəfdən göstərməyi bacardılar. Qələbə ruhları çox yüksək idi. Meydanda nə etməli olduqlarını yaxşı bilirdilər. Bu səbəbdən düşünürəm ki, “qızıl dubl” etmələri təsadüfi deyil”.
Veteran futbolçu “Turan Tovuz”un da cari mövsümdəki çıxışını dəyərləndirib:
“Turan Tovuz” üçün bu mövsüm uğurlu oldu. Uzun illərdən sonra avrokuboklara qayıtdılar. Medalçılar sırasında yer aldılar və yaxşı nəticə göstərdilər”.
52 yaşlı mütəxəssis “Qarabağ”ın uzun illərdən sonra çempionluğu əldən verməsinə də münasibət bildirib:
“Qarabağ” uzun illər davam edən hegemonluğundan sonra çempionatı bu mövsüm ikinci yerdə bitirdi. “Sabah”ın kuboku qazanması ilə “Qarabağ” ölkəmizi Avropa Liqasında təmsil edəcək. Çempionatın başa çatmasına 2 tur qalıb. Amma düşünürəm ki, bu mövsüm həyəcanlı və maraqlı keçdi”.
Qeyd edək ki, Azərbaycan Kubokunun finalında “Sabah” “Zirə”ni 2:1 hesabı ilə məğlub edib. Beləliklə, Zirə təmsilçisi 3-cü dəfə kubokun finalında uduzub.
Bu mövsüm "Sabah" həm Premyer Liqanın, həm də Azərbaycan Kubokunun qalibi olub. Beləliklə, komanda tarixində ilk dəfə "qızıl dubl" edib.
“Turan Tovuz” isə Premyer Liqada 3-cü yerdə möhkəmlənərək avrokuboklara vəsiqəni təmin edib.