BAKI, 13 may. TELEQRAF

“Futbolçularıma inamlı oyuna görə təşəkkür edirəm. Rəqibin vurduğu hər iki qol ustalıq səviyyəsini göstərdi".

Teleqraf xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

O, Bizon Azərbaycan Kubokunun finalında “Sabah”a 1:2 hesabı ilə məğlub olduqları görüşü belə şərh edib:

"Bu gün hakimlikdən danışmaq istəmirəm. Rəqibi təbrik edirəm, yaxşı qələbə qazandılar. “Qızıl dubl” etmək fürsətləri vardı, bundan da istifadə etdilər. Biz də önümüzə baxacağıq.

Başa düşürük ki, turnir cədvəlində “Neftçi”dən 3 xal geridəyik. Amma son ana qədər mübarizə aparacağıq. Son tura qədər ümidimizi itirməyəcəyik.

Bununla 3 finaldır ki, uduzuruq. Hamısı arasında oxşarlıqlar var. Amma istədiklərimizi edə bilsəydik, nəticə başqa olardı. İstənilən halda qürur duyuram. Titul yoxdur, amma bunu qazanmaq üçün daha çox şeyə ehtiyac var. Futbolçularıma, rəhbərliyə, hər kəsə təşəkkür edirəm".