BAKI, 13 may. TELEQRAF
“Real Madrid”in futbolçusu Federiko Valverde karyerasını İngiltərədə davam etdirə bilər.
Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, “Mançester Yunayted” uruqvaylı yarımmüdafiəçinin transferində maraqlıdır.
İddialara görə, “qırmızı şeytanlar” Madrid klubunda yaşandığı iddia olunan gərginlikdən sonra Valverdenin keçidini reallaşdırmaq üçün hərəkətə keçməyə hazırlaşır.
Futbolçu daha əvvəl komanda yoldaşı Orelen Tçuameni ilə mübahisə yaşamışdı.
“Real Madrid” isə hələlik Valverdenin gələcəyi ilə bağlı yekun qərar verməyib.
Qeyd edək ki, Federiko Valverde 2016-cı ildə “Penyarol”dan 5 milyon avro qarşılığında “Real Madrid”ə transfer olunub. Onun Madrid təmsilçisi ilə müqaviləsi 2029-cu il iyunun 30-na qədərdir.
Uruqvaylı futbolçu bu mövsüm “Real Madrid”in heyətində bütün turnirlərdə 48 oyuna çıxıb, 9 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.