BAKI, 13 may. TELEQRAF

Türkiyə millisinin üzvü Arda Güler İspaniyanın “Real Madrid” klubunda aprel ayının ən yaxşı futbolçusu seçilib.

Teleqraf xəbər verir ki, bu barədə Madrid təmsilçisi məlumat yayıb.

Klubun açıqlamasında gənc yarımmüdafiəçinin ötən ay göstərdiyi performansla bu mükafata layiq görüldüyü bildirilib. Arda Güler aprel ayında “Real Madrid”in heyətində 5 oyunda meydana çıxıb və komandanın uğurlu nəticələrində pay sahibi olub.

Xüsusilə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Bavariya”ya qarşı nümayiş etdirdiyi oyun və vurduğu qollar futbolçunun ayın ən yaxşısı seçilməsində əsas rol oynayıb.

Qeyd edək ki, 21 yaşlı futbolçu bu mövsüm “Real Madrid”in heyətində bütün turnirlərdə 50 oyuna çıxıb və 6 qol vurub.