BAKI, 13 may. TELEQRAF
2024/2025 mövsümünün əvvəlində “Fənərbağça”dan “Brayton”a transfer olunan Fərdi Kadıoğlu keçmiş klubu ilə bağlı açıqlama verib.
Teleqraf xəbər verir ki, İngiltərə təmsilçisinə keçidi ilə İstanbul klubuna bonuslar xaric 30 milyon avro qazandıran milli futbolçu “Fənərbağça”nı hələ də yaxından izlədiyini bildirib.
26 yaşlı futbolçu "sarı-lacivərdli" klubdan ayrılmağın onun üçün asan olmadığını deyib:
“Fənərbağça”dan ayrılmaq mənim üçün çox çətin idi. Heç də asan deyildi. Klubla çox müzakirələr apardıq. “Fənərbağça”nı və İstanbul şəhərini həqiqətən çox sevirəm”.
Fərdi Kadıoğlu gələcəkdə yenidən “Fənərbağça”ya qayıtma ehtimalını da istisna etməyib:
“Düşünürəm ki, ayrıldığım vaxt verdiyim müsahibəni hamı görüb. Çox emosional idi. “Fənərbağça” həmişə ürəyimdə olacaq. Kim bilir, bəlkə də bir gün geri qayıdaram. Buna söz verə bilmərəm, amma baş versə, yaxşı olar”.
Qeyd edək ki, Fərdi Kadıoğlunun adı son dövrlər vaxtaşırı “Fənərbağça” ilə hallansa da, futbolçu hazırda karyerasını İngiltərə Premyer Liqasında davam etdirir.