BAKI, 12 may. TELEQRAF
"Araz-Naxçıvan" və futbolçu Vanderson Melo arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Bu barədə Teleqraf-a Naxçıvan klubunun mətbuat xidmətindən məlumat verilib.
2023/2024 mövsümündən "qırmızı-ağlar"ın heyətində çıxış edən braziliyalı yarımmüdafiəçiyə klub rəhbərliyi karyerasında uğurlar arzulayıb.
V.Melo klubun rəsmi saytına açıqlamasında komanda yoldaşlarına uğur arzulayıb:
"Burada 3 maraqlı mövsüm keçirdim. Uğurlu nəticələrimiz də oldu, təəssüfləndiyimiz oyunlar da. Komanda ötən mövsüm tarixində ilk dəfə Premyer Liqada üçüncü yeri tutdu və avrokuboklarda oynamaq hüququ qazandı. UEFA Konfrans Liqasında "Aris" kimi güclü rəqibi üstələdik və mərhələ adladıq. Cari mövsümlə bağlı isə ancaq təəssüflənmək olar. Çünki qarşıya qoyulan məqsədə çata bilmədik.
Burada olmağıma şərait yaradan klub rəhbərliyinə təşəkkür edirəm. Ümid edirəm ki, "Araz-Naxçıvan" növbəti mövsüm hazırkından daha yaxşı çıxış edər və uğur qazanar".