BAKI, 12 may. TELEQRAF
2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək FİFA Dünya Kuboku öncəsi Argentina millisinin ilkin heyəti açıqlanıb.
Teleqraf xəbər verir ki, baş məşqçi Lionel Skaloni turnir üçün 55 nəfərlik geniş siyahını FİFA-ya təqdim edib.
Siyahıya komandanın kapitanı Lionel Messi də daxil edilib. 38 yaşlı futbolçu mundialda iştirak edəcəyi halda karyerasında altıncı dəfə Dünya Kubokunda forma geyinəcək.
Argentina yığmasının yekun heyəti turnirə yaxın 26 nəfərə endiriləcək. Geniş siyahıda ən diqqətçəkən məqam isə Paulo Dibalanın yer almaması olub. “Roma”nın futbolçusunun heyətdən kənarda qalması Argentina mətbuatında geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, Argentina millisi DÇ-2026-da titulunu qorumağa çalışacaq.