BAKI, 12 may. TELEQRAF

İspaniyanın "Real Madrid" klubunda uğursuz keçən mövsümün ən çox tənqid olunan futbolçularından biri Kilian Mbappe olub.

Teleqraf xəbər verir ki, fransalı hücumçu Madrid təmsilçisində keçirdiyi iki mövsüm ərzində 100 oyunda meydana çıxaraq 85 qol və 11 məhsuldar ötürmə ilə diqqət çəksə də, azarkeşlərin gözündə böyük məyusluğa çevrilib.

Məlumata görə, futbolçunun bu mövsüm həm meydandakı performansı, həm də meydandan kənardakı davranışları yalnız azarkeşlərin deyil, komanda yoldaşlarının da narazılığına səbəb olub. Mbappe zədə səbəbindən "Espanyol" ilə oyunda iştirak etməsə də, müalicə prosesini davam etdirmək əvəzinə İtaliyada sevgilisi ilə istirahət etməsi azarkeşlərin sərt reaksiyasına yol açıb. O, eyni səbəbdən "Barselona" ilə görüşü də buraxıb.

Hücumçu Vinisius Junior ilə birlikdə bir neçə dəfə “Santyaqo Bernabeu”da azarkeşlər tərəfindən fitə basıldıqdan sonra narahatlıq yaşayıb. Mbappenin ev oyunlarında meydana çıxmaq istəmədiyi bildirilir.