BAKI, 12 may. TELEQRAF

Süperliqa təmsilçisi "Beşiktaş" baş məşqçisi Sergen Yalçının gələcəyi ilə bağlı qərar verib.

Teleqraf xəbər verir ki, mövsümü 4-cü pillədə başa vurmağı təmin edən İstanbul klubu Türkiyə Kubokunun yarımfinalında öz meydanında "Konyaspor"a məğlub olaraq turnirlə vidalaşdıqdan sonra klub daxilində gərginlik artmışdı. Həmin oyundan sonra azarkeşlər və sosial şəbəkə istifadəçiləri baş məşqçinin istefasını tələb etmişdi.

Klub prezidenti Serdal Adalının rəhbərliyi ilə keçirilən idarə heyəti iclasında bütün rəhbər şəxslərin fikirləri dinlənilib. İclasda rəhbərlik “sabitliyin qorunması” mövqeyindən çıxış edərək hazırkı mərhələdə Sergen Yalçınla davam etmək qərarı verib.

Bildirilib ki, çempionatın son turunda "Rizespor"a qarşı keçiriləcək oyundan sonra prezident və baş məşqçi arasında əlavə görüş baş tutacaq. Həmin görüşdən sonra “Beşiktaş”ın növbəti mövsüm üçün yol xəritəsi müəyyənləşəcək.