BAKI, 12 may. TELEQRAF

Süperliqada mövsümü ikinci pillədə başa vuracağı dəqiqləşən "Fənərbağça" UEFA Çempionlar Liqasına vəsiqə əldə edib.

Teleqraf xəbər verir ki, İstanbul təmsilçisi böyük ehtimalla turnirə 2-ci təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin oyunları 21–22 iyul tarixlərində keçiriləcək.

Komanda 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacağı halda mümkün rəqibləri "Seltik", "Şturm Qraz" və "Yagelloniya Bialystok" olacaq. “Sarı-lacivərdlilər” bu mərhələni keçəcəyi təqdirdə minimum UEFA Avropa Liqasının liqa mərhələsini təmin edəcək.

“Fənərbağça”nın 3-cü təsnifat mərhələsinə yüksələcəyi halda isə mümkün rəqiblər sırasında PAOK, "Yunion Sent-Jilluiaz", "Sparta Praqa" və "Tvente" yer alır.

İstanbul klubu bu mərhələni də adlasa, pley-offda "Benfika" və ya "Lions" kimi güclü rəqiblərlə qarşılaşa bilər.

Qeyd edək ki, "Aston Villa" UEFA Avropa Liqasının qalibi olması və İngiltərə Premyer Liqasında ilk dördlükdə yer alması, "Olympiakos"un Yunanıstan çempionatını ikinci pillədə başa vurması halında “Fənərbağça”nın Çempionlar Liqasına birbaşa 3-cü təsnifat mərhələsindən başlama ehtimalı mövcuddur.