BAKI, 10 may. TELEQRAF

“Şaxtyor Donetsk” Ukrayna Premyer Liqasının 27-ci turunda çempionluğu rəsmiləşdirib.

Teleqraf xəbər verir ki, Arda Turanın rəhbərlik etdiyi komanda səfərdə “Poltava” ilə qarşılaşıb.

“Şaxtyor” rəqibini 4:0 hesabı ilə məğlub edərək çempionluğu vaxtından əvvəl elan edib.

Bu qələbədən sonra xallarının sayını 66-ya çatdıran Donetsk təmsilçisi ən yaxın izləyicisini 11 xal qabaqlayıb və mövsümün bitməsinə 3 tur qalmış qızıl medalları təmin edib.

Müharibənin kölgəsində mövsüm keçirən Ukrayna klubunda ilk ilini yaşayan Arda Turan məşqçilik karyerasının ikinci titulunu qazanıb. Gənc mütəxəssis daha əvvəl “Eyüpspor”u Türkiyə I Liqasından Superliqaya yüksəltməklə ilk kubok sevincini yaşamışdı.

Qeyd edək ki, “Şaxtyor” bu mövsüm UEFA Konfrans Liqasında da uğurlu çıxış edib. Ukrayna təmsilçisi turnirdə yarımfinala qədər irəliləsə də, bu mərhələdə “Kristal Palas”a məğlub olaraq mübarizəni dayandırıb.