BAKI, 29 aprel. TELEQRAF

Teleqraf-ın budəfəki müsahibi Namiq Mirzəyevdir. Bu ad çoxlarına tanış gəlməsə də, o, öz sahəsində yetərincə uğurlu simalardandır. Peşəsi bərbər olan Namiq bəyə müraciət etməyimizin səbəblərindən biri də onun müştəriləri arasında Azərbaycan Premyer Liqasında çıxış edən legioner futbolçuların yer almasıdır.

- Namiq bəy, necə oldu ki, bu sənəti seçdiniz?

- Məni bu peşəyə ailəm yönləndirib. Təxminən 15 yaşım olardı, usta yanında tələbə olaraq öyrənməyə başlamışam. Artıq 11 ildir bu sahədəyəm.

- Azərbaycanda demək olar ki, addımbaşı, hər binanın altında bərbər var. Necə olur ki, bu qədər futbolçu məhz sizə müraciət etdi?

- İlk dəfə bizim salonumuza “Qarabağ”ın kapitanı Abdullah Zubir gəlmişdi. 2018-ci il, yəni ilk gəldiyi vaxtlar olardı. Mən şəhərin mərkəzində Nizami küçəsində işləyirdim. Bir dəfə salonumuzun yanından keçirdi, içəri girəndə mən qarşıladım. Saçını düzəltdim, çox xoşuna gəldi. Heç bilmirdim ki, “Qarabağ”ın futbolçusudur, sonradan öyrəndim. Getdi, uzun zaman sonra Kadi Borges zəng vurdu ki, “mənim saçımı kəsə bilərsiniz?” Beləcə, getdim evlərinə, kəsdim. İkinci dəfə bəyənib yenə dəvət etdi, dedi, bu dəfə dostum da mənimlədir, olarmı, onun da saçını kəsəsən? Dostu da Leandro Andrade idi. Sonra o ona, bu digərinə — bu şəkildə çoxaldı. Tək futbolçular deyil, bir çox sahədən daimi müştərilərim var. Artıq “Qarabağ”ın 9 futbolçusunun saçını mən kəsirəm.

- İndi sizə müraciət edən futbolçular hansılardır?

-“Qarabağ”da Pedro Bikalyо, Leandro Andrade, Mateuş Koxalski, Kadi Borges, Fabian Buntiç, Coni Montiel, Kevin Medina, Kamillo Duran, Mateuş Silva və Emmanuel Addainin bərbəriyəm. Bir də “Turan Tovuz”dan İbrahima Vadji var. Bizim yerli oyunçulardan heç kimin saçını qırxmıram.

- Dediniz, ancaq “Qarabağ”ın futbolçuları ilə işləyirsiniz. Bəs, Vadji yanınıza necə gəldi?

- O, “Qarabağ”da oynayanda ilk dəfə evinə gedib saçını düzəltdim. Səhəri gün xəbərim oldu ki, “Qarabağ”dan ayrılıb, başqa ölkəyə getmişdi. Sonra Azərbaycana qayıdanda dostuna demişdi ki, mənə bərbər göndər, o da məni yönəltmişdi. O qədər uzun illər keçmişdi ki, nə mənim yadımda o qalmışdı, nə də onun yadında mən. Saçını düzəldib gələndən sonra evdə yadıma düşdü ki, axı Vadjinin saçını “Qarabağ”da olanda səliqəyə salmışdım. İkinci dəfə çağıranda dedim ki, yadındadırmı, mən o vaxt saçını düzəltmişdim. O da baxdı ki, “hə, düz deyirsən, yadımdan çıxıb”. Sonra nömrəmi qeyd etdi və hər dəfə saçını mənə kəsdirir.

- Maraqlıdır, hərəsi bir ölkədəndir, dillərini necə başa düşürsünüz?

-Bir az ingilis dilini az-çox bilirdim. Tam sıfır deyildim. İstər-istəməz ünsiyyət qurduqca daha çox öyrənirəm. Əvvəllər zəif bilirdim, indi isə rahat söhbət edə bilirəm. Səhv-düz, əsas odur fikrimi rahat ifadə edə bilirəm.

- İlk dəfə futbolçudan nə qədər pul almışdınız?

- Məbləğ olaraq deyə bilmərəm. Amma evə gedəndə ödəniş fərqli olur.

- O zaman evə, həm də bazaya gedirsiniz?

- Bəli, bəziləri var. Məsələn, Mateuş Koxalski və Fabian Buntiçin hər həftə, 10 gündən bir evlərinə gedirəm. Kadi də evə çağırır. Oyundan bir gün əvvəldirsə, bazada qaldıqları üçün ora çağırırlar.

- Bəs övladlarının da bərbəri sizsiniz?

- Leandro Andrade və Mateuş Silvanın evlərinə gedib övladlarının saçını kəsirəm.

- Hansı futbolçular sizə tez-tez müraciət edirlər?

- Fabian Buntiç üçün saç çox həssas məsələdir. Saçı səliqəsiz olan kimi 5-6 gündən bir, həftədə bir dəfə evinə çağırır, saçını kəsirəm. Koxalski də saçının səliqəsiz olmasını xoşlamır. Ən gec kəsdirən isə Kadidir. O da saçının buruq halını sevir, ona görə gec çağırır.

- Sizə ödənişdən əlavə bəxşiş verənlər var?

- Var, əlbəttə. Çox verirlər ki, az vermirlər. Həmişə bəxşiş olur. Andrade, Koxalski, Kadi, Duran dediyim məbləğdən daha çox veriblər.

- Özünüzün necə, futbola əvvəldən marağınız olubmu və hansısa klubun azarkeşisiniz?

- Qətiyyən olmayıb. Oynamağa marağım olub, amma heç vaxt oturub saatlarla futbola baxmamışam. Mənasız gəlirdi ki, 11 nəfər niyə bir topun dalınca qaçır (gülür - red.). Arada özlərinə də deyirəm, gülürlər. Onlar mənə futbolu sevdiriblər, amma öz klublarında. Futbolçularla dostlaşandan sonra isə ancaq “Qarabağ”ın oyunlarına marağım yaranıb. Hətta gedirəm. Hər dəfə yox, vaxtım olduqca gedirəm.

- Dəvətnamə göndərirlər və siz də gedirsiniz ?

- Bəli, verirlər. Soruşurlar ki, “gələcəksənsə, verim”. Əsas Çempionlar Liqasındakı oyunlara gedirdim. Sonuncu dəfə “Ayntraxt”la oyuna getmişdim.

- Bəs saçını kəsdiyiniz hanıssa oyunçu başqa klubda oynasa, həmin klubun oyunlarını izləyərsiniz?

- Dostlarıma görə həmin kluba baxaram, maraqlı gəlir. Məsələn, Redon Cica “Qarabağ”da oynadığı vaxtlar saçını mən düzəldirdim, sonra getdi. İndi də “Instagram”da izləyirəm, görək başqa klubda necə oynayır. Münasibətimiz çox yaxşı idi. Transfer olunub getdikdən sonra da baxıram. Bərbər olduğum üçün ilk öncə saçına reaksiya verirəm ki, görək necə olub. Azərbaycandan gedəndən sonra bir dəfə zarafatla bir şəklinə yazdım ki, “bu nə bərbərdir, saçını belə necə düzəldib?” Güldü ki, yoxsan burada, qalmışam belə. Dedim, nə vaxt istəsən, gəl Bakıya, düzəldim.

- Xaraktercə ən çox dostlaşdığınız futbolçular kimlərdir?

- Fabian Buntiç, Mateuş Koxalski, Leandro Andrade və Kadi Borgesdir. Məni özlərinə sadəcə bərbər kimi görmürlər. Çünki mən onların ailə üzvləri ilə restorana gedirik, haradasa oturub asudə vaxtımızı keçirə bilirik.

- Daha çox nə soruşurlar?

- Adətən Fabian Buntiç zəng edir ki, “bro, filan şeyi tanımıram, mənə kömək et”. Hansısa brend mağaza və ya evə bolt gəlir, deyir, konumu başa sal da sən.

- Bəs sizə nədən şikayətlənirlər?

- Əsasən tıxacdan gileylənirlər. Deyirlər, sən şəhərin mərkəzində işləyirsən, sənin yanına gəlmək tıxaca görə problem yaradır, ona görə ən yaxşısı sən gəl.

- Futbolçulardan ən kaprizli müştəriniz kimdir?​

- Kaprizli deyillər. Bazaya gedərkən sanki iş üçün getməmişəm, günüm əyləncəli keçir. Deyib-gülürük, vaxtın necə keçdiyini bilmirəm. Kadi Borgeslə artıq 5 ildir birgə işləyirik deyə, dostlaşmışıq. 2023-cü ildə Rusiyaya getmişdi. 2025-ci ilin fevralında qayıtdı, bir neçə ay sonra yenə mənə zəng etdi ki, gəl saçımı düzəlt.

- Futbolçuları necə xarakterizə edərdiniz?

- Mənə görə, ən pozitiv futbolçular Leandro Andrade və Kadi Borgesdir. Həmişə zarafatlaşırıq. Andrade adətən deyir ki, “olar səndən söz soruşum?” Mən də ciddi-ciddi dayanıram ki, nəsə deyəcək, deyir, “kofe içmək istəyirsən?” Bazaya gedəndə deyirlər ki, sanki sən də futbolçusan, bütün günü bizimləsən. Kadinin də heç vaxt sərt üzünü görməmişəm. Kamillo Duran da pozitivdir, həmişə deyib-gülürük. Buntiçlə də saatlarla danışıb əylənə bilərik. Mateuş Koxalski evdə olanda deyib-gülür, amma çöldə olanda çox ağır təbiətlidir. Çox sakitliyi xoşlayır.

- Sizdən hansısa fərqlilik istəyirlərmi?

- Bu mövzuda elə çətinlik çəkmirəm. Bəzən istədikləri saç düzümünün şəklini google, Instagram və ya pinterest-dən göstərirlər, mən də eyni oradakı kimi edirəm. Coni Montiel bəzən qısa, bəzən orta uzun edir. Məsələn, Leandro Andrade xoşlayır ki, həmişə başının bir tərəfində, qulağının üstündə paralel iki xətt olsun. O da çox vaxt elə edir. Bəziləri isə sadə istəyir. Artıq bilirəm ki, hansı futbolçu necə saç düzümü etdirəcək.

- Futbolçulardan aldığınız ən böyük hədiyyə nə olub?

- Onların mənə dəyər verib öz formalarını hədiyyə etməsidir. Hətta bir dəfə Koxalski ad günüm münasibətilə formasını hədiyyə etmişdi. Ad günümdən bir-iki gün sonra evinə getmişdim, onda vermişdi. Bu, mənim üçün yaddaqalan olmuşdu. Həmçinin Leandro Andrade və Fabian Buntiçin forması var.

- Başqa hansı sahədən müştəriləriniz var?

- Çox yüksək vəzifəli dövlət işçiləri var ki, yanıma gəlirlər. DJ Remo və aparıcılar var. Adətən elit təbəqə ilə işləyirəm.

- Olubmu ki, sizinlə danışıb, amma sonra gəlməyiblər?

- O cür olmayıb. Bir dəfə “Sabah”ın futbolçusu Coy Lens Mikelslə “Qarabağ”ın oyununda tanış olduq. Sonra haradasa yemək yeyirdik. Bizim futbolçular Mikelsə dedilər ki, “çox yaxşı bərbərdir, biz hamımız saçımızı ona kəsdiririk, istəsən, sən də ona kəsdirə bilərsən”. O da məndən nömrəmi istədi, amma sonra əlaqə saxlamadı.

- Qadınlar saçlarına qarşı daha həssas olur. Bəs kişilər necə, bərbərlərini tez-tez dəyişir?

- Qadınlardan fərqli olaraq kişilər bərbərlərinə xəyanət etmir. Kişilərin, məncə, ən həssas yeri saçlarıdır. Onlar demək olar ki, bərbərlərini dəyişmirlər. Bəlkə də olub, diqqət etməmişəm. Ola bilər, gedirlər, bəyənmirlər, sonra yenə mənim yanıma gəlirlər. Məsələn, Koxalski mənə deyəndə ki, 15 günlük Polşaya gedirəm, saçım çox uzanacaq, istəmirəm elə gəzim, icazə verirsənmi, heç olmasa bir dəfə saçımı kəsdirim? Deyirəm, problem deyil. Azərbaycanda olduqları vaxtda həmin futbolçuların saçlarını ancaq mən kəsirəm.

- Heç olubmu ki, futbolçular tətil zamanı öz ölkələrinə gedərkən başqa bərbərə müraciət edib saç düzümünü dəyişiblər?

- Getməzdən əvvəl zəng vururlar ki, gəl, saçımı düzəlt. Səliqəyə salıram, gedirlər. Getdikləri yerdə bəzən məcbur qalıb başqa bərbərə də müraciət edirlər. Bir dəfə Pedro Bikalyo oyuna görə xaricə getmişdi, Çempionlar Liqası vaxtı idi. Gələndə dedim ki, saçını bərbad ediblər, heç olmasa normal düzəldərdilər. O da dedi ki, bilirəm, tələsik oldu, məcburən getdim.

- Azarkeşlər sizin onlarla işlədiyinizi görüb sizə bu mövzuda müraciət ediblərmi ki, görüşdürəsiniz?

- Çox olur. Sadəcə cavab vermirəm. Sosial şəbəkədə yazırlar, bir-iki dəfə cavab vermişəm ki, üzrlü sayın, edə bilmərəm. Bilirəm ki, onsuz da şəhərə çıxanda çox adam futbolçularla şəkil çəkdirmək, imza və ya forma üçün yaxınlaşır. Artıq bərbərə gələndə istirahət etməlidirlər. 40-50 dəqiqədən sonra yanımdan sevinərək çıxsınlar ki, saçım qəşəng oldu. O anda kimsə gəlib desə ki, “gəl şəkil çəkdirək”, yorucu olar.

- Futbolçuların Azərbaycan mətbəxi ilə arası necədir?

- Bəli, mənim yanıma gələndə çay içirlər, sevirlər. Ürəkləri istəməyəndə deyirlər ki, heç nə istəmirik, amma adətən çay, bəzən isə kofe içirlər. Soruşmuşam ki, “Azərbaycan mətbəxini sevirsinizmi?”, deyirlər, "hə". Məsələn, yarpaq dolmasını və aşı sevirlər.

- Gələcəkdə iş sahənizi daha da tanıtmaq üçün əməkdaşlıq etdiyiniz futbolçularla nəsə düşünürsünüz?

- Açığı, reklama ehtiyacım yoxdur. Müştəri bazam çox yüksəkdir. Hətta adətən kənardan biri gələndə ki, “olar, saçımı kəsəsiniz?”, deyirəm, vaxtım yoxdur. Elə gün olub ki, öz müştərim zəng edib deyir, vacib yerə getməliyəm, mən də deyirəm, incimə, bu gün tam doluyam. İnstaqramı da sadəcə sosial şəbəkə kimi istifadə edirəm, bəzən futbolçular özləri istəsə, storilərində paylaşım edirlər.

- Məsələn, oyunçular öz ölkələrinə sizi işləməyə dəvət edirlərmi?

- Fabian Buntiçlə dostca danışanda deyir ki, bəlkə bir neçə il sonra başqa ölkədə oynayanda məni görməyə gələrsən. Mən də deyirəm, hə, gələrəm. Ya da deyir, Bakıya gəlsəm, 100 faiz sənə zəng edib görüşəcəyəm. Abdullah Zubir bir neçə il əvvəl demişdi ki, Fransaya gəlib işləmək istərsənmi? Demişdim, şərtlər ürəyimcə olsa, əlbəttə, xaricdə işləmək istəyərəm. Sadəcə fikrimi soruşmuşdu.

- Adətən futbolçularla işdən kənarda harada görüşürsünüz?

- Görüşlər daha çox restoranlarda təşkil olunur. Ağ şəhərdə görüşürük, bəzən Çin restoranında steyk yeməyə gedirik. Şəhərdə kofe içirik. Daha çox gəzintiyə çıxırıq, Nizami parkında gəzirik.

- Futbolçularla işləmək sizə nə qazandırdı?

- Daha çox sosiallaşmaq deyərdim. Bu insanlarla ünsiyyətdə olmaq dünyagörüşümü daha da artırdı və onlardan müsbət enerji aldım.

- Gələcəkdə sırf futbolçularla işləmək planınız var?

- Yox. Çünki öz salonumda işləmək mənə daha xoşdur. Orada illərdir müştərilərim var. Sadəcə futbolçularla işləsəm, gəlirim azalar. Hə, müqavilə bağlasalar, daha yaxşı pul versələr, bəlkə olar, amma mənim çox yaxın azərbaycanlı müştərilərim var ki, 10 ildir saçlarını kəsirəm, onları qoyub gedə bilmərəm.

- Bəs hansısa futbolçu əməkdaşlıq təklif edibmi?

- Bir dəfə zarafatla Koxalskiyə demişdik ki, sənə şəxsi bərbər lazımdır. O da mənə dedi ki, xeyr, çox sadə insanam. Tanınmış idmançı olsam da, sadəliyi sevirəm.

- Bundan sonrakı məqsədləriniz nələrdir?

- Heç vaxt düşünməmişəm ki, futbolçularla işləyirəm deyə artıq peşəkaram. İşimdə daha çox peşəkar olmağa çalışıram. Daha böyük nailiyyətlər əldə etmək istəyirəm. İş sahəmi genişləndirmək istəyirəm. Bu gün futbolçularla işləyirəmsə, sabah başqa idman sahəsində olan insanlarla da işləmək istəyərəm. Həmçinin fikirləşirəm ki, daha çox elit təbəqə insanlarla əməkdaşlıq edə bilərəm. Əlbəttə ki, öz idmançılarımızla da işləmək istəyərəm.

Çəkilişdə göstərdiyi dəstəyə görə Neftçilər prospekti 62 ünvanında yerləşən “Sosyete” restoranına təşəkkür edirik.