Qapıçı axtarışlarını sürətləndirən "Beşiktaş" "Fənərbağça"nın keçmiş futbolçuları ilə maraqlanır.

Teleqraf "Top Mercato" nəşrinə istinadla xəbər verir ki, "ağ-qaralar" "Lill"də çıxış edən Berke Özer və "Mançester Yunayted"in şərəfini qoruyan Altay Bayındır üçün transfer təklifləri hazırlayır.

Məlumata görə, əvvəllər performansı ilə "Milan"ın diqqətini çəkən Berke Özer hazırda "Beşiktaş"ın əsas hədəflərindən biridir.

Digər tərəfdən, "qartallar"ın alternativ planına Altay Bayındırın da daxil olduğu bildirilib. İngiltərə komandasında kifayət qədər oyun vaxtı qazana bilməyən qolkiperin yay transfer pəncərəsində komandadan ayrılacağı gözlənilir.

Özer bu mövsüm Liqa 1 və Avropa Liqasında ümumilikdə 39 oyunda iştirak edib, 44 qol buraxıb və 14 oyunda qapısını toxunulmaz saxlayıb.

Altay Bayındır isə cari mövsümdə cəmi 6 oyunda çıxış edib, 11 qol buraxıb.