BAKI, 8 aprel. TELEQRAF

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferin rumıniyalı məşqçi Mirça Luçeskunun vəfatını dünya futbolu üçün böyük itki kimi qiymətləndirib. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Teleqraf xəbər verir ki, Çeferin qeyd edib ki, Avropa və dünya futbolu təsiri və irsi uzun illər yaşayacaq görkəmli bir şəxsiyyəti itirib. Onun sözlərinə görə, Luçesku yüksək futbol intellekti, liderlik keyfiyyətləri və oyunun dəyərlərinə sadiqliyi ilə seçilirdi.

UEFA rəhbəri vurğulayıb ki, təcrübəli mütəxəssisin fəaliyyəti komandaların formalaşmasına, futbolçuların inkişafına və ümumilikdə futbolun inkişafına mühüm təsir göstərib.

Qeyd edək ki, Mirça Luçesku ən çox titul qazanan məşqçilər siyahısında üçüncü pillədə qərarlaşıb. Onun hesabında 38 kubok var. Rumıniyalı mütəxəssis karyerası ərzində Rusiyanın Zenit klubunu, Türkiyənin Qalatasaray və Beşiktaş komandalarını, İtaliyanın Piza, Breşiya, Reggiana və İnter klublarını, həmçinin Ukraynanın Dinamo (Kiyev) və Şaxtyor komandalarını çalışdırıb. Onun son iş yeri Rumıniya milli komandası olub.