BAKI, 9 mart. TELEQRAF

İraq milli komandasının baş məşqçisi Qrem Arnold FIFA-ya müraciət edərək, martın sonunda keçirilməsi planlaşdırılan DÇ-2026-nın pley-off matçının təxirə salınmasını istəyib.

Teleqraf xəbər verir ki, avstraliyalı mütəxəssis bu təklifini qonşu İranda baş verən hərbi münaqişə səbəbindən yaranan təhlükəsizlik riskləri ilə əsaslandırıb.

İraq yığması martın 31-də Monterreydə (Meksika) Boliviya - Surinam cütlüyünün qalibi ilə həlledici oyuna çıxmalıdır. Lakin fevralın 28-də ABŞ və İsrailin İrana hava zərbələri endirməsi, rəsmi Tehranın isə raket və dronlarla cavab verməsindən sonra İraqın hava məkanı bağlanıb. Bu səbəbdən baş məşqçi özü BƏƏ-də qalıb, ölkə daxilindəki futbolçuların və texniki heyətin isə Meksikaya uçması qeyri-mümkün olub.

"Bizə ölkə tarixinin son 40 ildəki ən vacib matçı üçün ən yaxşı heyət lazımdır. İraqlılar futbolu dəlicəsinə sevirlər. Hava limanı bağlı olduğu halda Meksikaya uçmaq üçün alternativ yollar axtarırıq. Fikrimcə, FIFA oyunu təxirə salsa, lazımi səviyyədə hazırlaşmağa vaxtımız olar", - deyə Arnold “Reuters” agentliyinə bildirib.

Qeyd edək ki, DÇ-2026-nın 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilməsi planlaşdırılır.