BAKI, 13 fevral. TELEQRAF

Litva millisinin baş məşqçisi Edqar Yankauskas Belçikada keçirilən UEFA Millətlər Liqasının 2026/27 mövsümünün püşkatması barədə fikirlərini bölüşüb.

Teleqraf "Lrytas.lt" saytına istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis Azərbaycan və Lixtenşteyn yığmaları ilə eyni qrupa düşmələrini şərh edib:

"Azərbaycanın səviyyəsi Lixtenşteyndən yüksəkdir. Heyətlərində Avropa təcrübəsi olan futbolçular var. Onların "Qarabağ" klubu avrokuboklardakı çıxışı ilə bütün qitəni təəccübləndirir. Buna baxmayaraq, Azərbaycan millisi son vaxtlar ən yaxşı dövrünü yaşamır. Onların öz nəticələrindən narazı olduqlarını da bilirik".

Baş məşqçi həmçinin bildirib ki, hazırda "Sabah" klubunu çalışdıran litvalı mütəxəssis Valdas Dambrauskas ilə əlaqə saxlayaraq rəqib haqqında əlavə məlumatlar toplayacaq.

Qeyd edək ki, UEFA Millətlər Liqasının yeni mövsümünə sentyabrda start veriləcək.