BAKI, 11 yanvar. TELEQRAF
İspaniyanın “Real Madrid” klubu “Emireyts” aviaşirkəti ilə sponsorluq müqaviləsinin müddətinin uzadılmasına yaxındır.
Teleqraf xəbər verir ki, tərəflər arasında hazırda qüvvədə olan və illik dəyəri 70-80 milyon avro təşkil edən sazişin yenilənməsi nəzərdə tutulur.
AS nəşrinin məlumatına görə, formaların üzərində kommersiya adının yerləşdirilməsini nəzərdə tutan yeni müqavilənin məbləği mövsüm başına 100 milyon avronu ötə bilər. Mövcud müqavilənin müddəti iyunun 30-da başa çatır və hazırda hər iki tərəf yeni şərtlər üzərində danışıqları davam etdirir.
Bununla yanaşı, “kral klubu” digər nəhəng sponsoru olan “Adidas” şirkəti ilə də əməkdaşlıq şərtlərini nəzərdən keçirir. Hazırkı müqavilənin 2029-cu ildə başa çatmasına baxmayaraq, tərəflər tərəfdaşlıq müddətinin uzadılması və maliyyə şərtlərinin dəyişdirilməsini artıq müzakirə ediblər. Qeyri-rəsmi məlumatlara görə, illik dəyəri 120 milyon avro olan cari sazişin məbləğinin və müddətinin artırılması planlaşdırılır.
Madrid təmsilçisinin əsas hədəfi sponsorluq müqavilələrindən əldə olunan illik gəliri 300 milyon avroya çatdırmaqdır. Dərc olunan son göstəricilərə əsasən, “Real Madrid” forma sponsorluğundan (texniki sponsor, əsas sponsor və qol hissəsindəki reklamlar) əldə etdiyi təxminən 260 milyon avroluq illik gəlirlə bu sahədə liderliyini qoruyur. Reytinq siyahısında sonrakı yerləri gəlirləri 200 milyon avronu keçən “Mançester Siti” və “Barselona”, həmçinin “Mançester Yunayted” və PSJ klubları bölüşürlər.