BAKI, 17 sentyabr. TELEQRAF
Azərbaycanda akkreditə olunmuş xarici diplomatların Qarabağa və Şərqi Zəngəzura səfəri ətrafında Ermənistanda isteriya davam edir.
Teleqraf xəbər verir ki, bununla bağlı Qərbi Azərbaycan İcması bəyanat yayıb.
Bildirilib ki, baş verənlər bir daha onu göstərir ki, erməni xalqı sülhə hazır deyil.
"Ermənistan hakimiyyəti cəmiyyəti sülhə hazırlamaq, “Real Ermənistan” konsepsiyasını təlqin etmək əvəzinə, özü prosesləri istiqamətləndirir və qəbuledilməz bəyanatlar verir.
Ermənistanın Azərbaycanın suveren ərazilərində qədim Azərbaycan xalqına məxsus mədəni irsə iddia etməsi və bu ölkənin baş nazirinin Gəncəsər məbədinin guya erməni mənşəli olması ilə bağlı açıqlaması qəbuledilməzdir.
Erməni cəmiyyəti başqa xalqların torpaqlarına və mədəniyyətinə göz dikməkdən əl çəkməli, yalançı tarixin girovu olmaqdan xilas olmalıdır. Əgər Ermənistanı həqiqətən mədəni irsin qorunması qayğılandırırsa, onda Azərbaycan xalqına məxsus məscidlərin, tarixi abidələrin və qəbiristanlıqların dağıdılmasına, eləcə də İrəvandakı Göy məscidin işğal dövründə Şuşadakı Yuxarı Gövhər Ağa məscidi kimi “bərpa edilərək” başqa xalqın adına çıxarılması kimi əməllərə son qoymalıdır", - bəyanatda qeyd olunub.