BAKI, 29 noyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının XIII turunda “Qarabağ” və “Karvan-Yevlax” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, “Azersun Arena”da baş tutan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Baş hakim Kamranbəy Rəhimovun idarə etdiyi matçda ilk qolu 79-cu dəqiqədə Emmanuel Addai vurub.10 dəqiqə sonra isə Nəriman Axundzadə fərqi bir qədər də artırıb.
Bu nəticədən sonra Qurban Qurbanovun kollektivi xallarını 29-a çatdıraraq turnir cədvəlində liderliyini möhkəmləndirib.
Füzuli Məmmədovun rəhbərliyi altında meydana çıxan Yevlax təmsilçisi isə 5 xalla turnir cədvəlinin sonuncu pilləsində yer alır.
Qeyd edək ki, bu gün baş tutan “İmişli” – “Sabah” matçı qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Tura noyabrın 30-da yekun vurulacaq.