SUMQAYIT, 18 oktyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasında VIII turun növbəti oyununda “Sumqayıt” və “Karvan-Yevlax” komandaları qarşılaşıb.
Teleqraf xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan görüş meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb - 4:1.
Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi matçda hesabı 12-ci dəqiqədə “kimyaçılar”ın yarımmüdafiəçisi Ronaldu Vaskes açıb. 43-cü dəqiqədə isə qonaqların hücumçusu Coy-Sleyd Mikels bərabərlik qolunu vurub.
“Sumqayıt” 54-cü dəqiqədə Aleksandr Ramallinqomun penaltidən vurduğu qolla hesabda önə keçib. 5 dəqiqə sonra isə Aleksa Yankoviç cərimə zərbəsini dəqiq yerinə yetirərək fərqi artırıb. Ramallinqom 65-ci dəqiqəsində penaltidən dubl edib.
Bununla da xallarının sayını 14-ə çatdıran “Sumqayıt” 3-cü pilləyə yüksəlib. “Karvan-Yevlax” 5 xalla 11-cidir.
Qeyd edək ki, tura oktyabrın 19-da yekun vurulacaq.