BAKI, 18 sentyabr. TELEQRAF

AFFA İntizam Komitəsi "İmişli" klubuna 0:3 hesablı texniki məğlubiyyət verib.

Teleqraf xəbər verir ki, bu barədə qərar bu gün keçirilən iclasda qəbul edilib.

Buna səbəb bölgə təmsilçisinin Azərbaycan Premyer Liqasının IV turunda evdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub etdikləri görüşdə adı protokolda olmayan oyunçunu meydana buraxması olub.

"İmişli"nin futbolçusu İbrahim Əliyev adı protokolda olmamasına baxmayaraq görüşün 67-ci dəqiqəsində oyuna daxil edilib. Klub buna görə texniki məğlubiyyətlə yanaşı 5000 manat xərcə düşüb.

Eyni oyunda "İmişli"nin futbolçusu Rafael Viqeaş təcavüzkar davranışa (rəqibi ayaqla vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, klubu isə 3000 manat cərimələnib.

Premyer Liqanın debütantı 5 futbolçusu sarı vərəqə aldığı üçün isə 700 manat cərimə ödəməli olacaq.