BAKI, 9 iyun. TELEQRAF
UEFA Millətlər Liqasının qalibi bəlli olub.
Teleqraf xəbər verir ki, finalda Portuqaliya və İspaniya komandaları qarşılaşıb. Matçın əsas vaxtında qalib müəyyənləşməyib – 2:2.
Almaniyanın Münhen şəhərində keçirilən qarşılaşmada hesabı 21-ci dəqiqədə ispanların oyunçusu Martin Subimendi açıb. 26-cı dəqiqədə Nuno Mendeş hesabı bərabərləşdirib. Birinci hissənin sonlarında Mikel Oyarsabal yenidən ispanları hesabda önə keçirib. Portuqaliyanın super ulduzu Kriştianu Ronaldu 61-ci dəqiqədə tabloda bərabərliyi bərpa edib.
Qalibi müəyyən etmək üçün əlavə edilən yarım saatda hesab dəyişməyib. Penaltilər seriyasında daha yaxşı təsir bağışlayan (5:3) Portuqaliya yığması turnirin qalibi olub. Portuqaliya millisi ikinci dəfə Millətlər Liqasının qalibi adına sahib çıxıb. Bundan əvvəl portuqaliyalılar 2019-cu ildə turnirin qalibi olub.
Millətlər Liqasının son qalibi İspaniya komandası idi.
Yada salaq ki, yarımfinal mərhələsində Portuqaliya millisi Almaniyanı 2:1 hesabı ilə məğlub edib. İspaniya seçməsi isə Fransanı 5:4 udaraq, finala adlayıb. Üçüncü yer uğrunda oyunda Fransa yığması 2:0 hesabı ilə Almaniyadan üstün olub.