BAKI. 27 aprel. TELEQRAF
Futbol üzrə İspaniya Kubokunda final oyunu keçirilib.
Teleqraf xəbər verir ki, həlledici qarşılaşmada "Barselona" və "Real Madrid" komandaları üz-üzə gəlib.
Sevilya şəhərindəki "Estadio de La Cartuja" stadionunda təşkil olunmuş qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib - 2:2.
İlk yarıda "Barsa" Pedrinin 28-ci dəqiqədə vurduğu qolla önə çıxıb. Fasilədən sonra "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Kilian Mbappe, Luka Modriç və Arda Güləri meydana buraxıb. 70-ci dəqiqədə Mbappe bərabərlik qolunu vurub. 77-ci dəqiqədə isə Gülərin künc zərbəsindən havalandırdığı topa Orelyen Çuameni başla dəqiq zərbə endirib.
Lakin Ferran Torres 84-cü dəqiqədə hesabda tarazlıq yaradıb.
90+6-cı dəqiqədə Raul Asensio ilə mübarizədə Rafinya yerə yıxılaraq, penalti qazanıb. Baş hakim Rikardo De Burqos əvvəlcə 11 metrlik cərimə zərbəsi təyin edib, lakin VAR-a baxdıqdan sonra qərarını ləğv edib və Rafinyaya sarı vərəqə göstərib.
"Barselona" qələbə topunu əlavə vaxtda vurub. 116-cı dəqiqədə Jül Kunde fərqlənərək, yekun nəticəni müəyyənləşdirib - 3:2.
Beləliklə, "Barselona" 32-ci dəfə İspaniya Kubokuna sahib çıxaraq, şəxsi rekordunu yeniləyib. Digər tərəfdən, Kataloniya klubu yanvarda əldə etdiyi İspaniya Super Kubokundan sonra cari mövsümdə ikinci titulunu qazanıb.
"Real Madrid" isə UEFA Çempionlar Liqasının ardından İspaniya Kubokunda da titul əldə edə bilməyib.