BAKI, 20 aprel. TELEQRAF
Azərbaycan Premyer Liqasında XXXI turun son oyununda “Zirə” komandası “Sumqayıt”ı qonaq edib.
Teleqraf xəbər verir ki, baş hakim Rauf Cabarovun idarə etdiyi qarşılaşmada “qartallar” 3:1 hesablı qələbə qazanıb.
Zirə İdman Kompleksinin stadionunda baş tutan matçda hesabı 6-cı dəqiqədə Giorgi Papunaşvili açıb. İlk hissəsin əlavə edilmiş birinci dəqiqəsində isə Martins Junior cərimə zərbəsindən vurduğu qolla fərqi artırıb.
“Kimyaçılar”dan Bobur Abdixolikov 52-ci dəqiqədə fərqi azaltsa da, matçın 89-cu dəqiqəsində Salifu Suma Rəşad Sadıqovun rəhbərlik etdiyi komandanın 3-cü qolunu vurub. Bu, Sumanın cari mövsüm Premyer Liqada 10-cu qolu olub.
“Zirə” bu qələbə sayəsində xallarının sayını 61-ə çatdıraraq ikinci pillədəki mövqeyini daha da möhkəmlədib. "Qartallar" həm də "Qarabağ"ın çempionluğunu bu tur rəsmiləşdirməsinə əngəl olublar. Qalan 5 turda Ağdam komandasına 12 qat çempionluq üçün 1 xal da kifayət edəcək.
Vaqif Cavadovun komandası isə 29 xalla 8-cidir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” evdə “Neftçi”ni 3:0, “Sabah” “Səbail”i 3:2, “Şamaxı” “Kəpəz”i 2:1 hesabı ilə üstələyib. “Turan Tovuz” isə “Araz-Naxçıvan” səfərində heç-heçə edib - 1:1.