BAKI, 1 aprel. TELEQRAF

2024-cü ildə Türk dövlətləri 2,11 trilyon ABŞ dolları dəyərində ÜDM ilə qlobal iqtisadiyyatda 1,8 faizlik paya sahib olub.

Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dövlətləri Təşkilatının Katibliyi ilə birgə 8 dildə təqdim etdiyi “Türk iqtisadi icmalı”nın 2024-cü ilin yekunlarına dair buraxılışında qeyd edilib.

Türk dövlətlərinin əhalisi isə 178,8 milyon nəfər ilə qlobal əhalinin 2,8 faizini təşkil edib: “Bu göstəricilər Türk dövlətlərinin həm iqtisadi, həm də demoqrafik baxımdan mühüm yer tutduğuna dəlalət edir”.

Hesabat dövründə Türk dövlətləri 3,2 faizlik qlobal artım tempi ilə müqayisədə 5,2 faiz ÜDM artımı ilə daha sürətli inkişaf nümayiş etdirib. Qırğızıstan 9 faiz, Türkiyə isə qrupun ən böyük iqtisadiyyatına sahib olmaqla 3,2 faiz iqtisadi böyüməyə nail olub. Türkmənistanda iqtisadi artım 6,3 faiz, Şimali Kipr Türk Respublikasında 7,3 faiz təşkil edib. Azərbaycan, Qazaxıstan və Özbəkistan müvafiq olaraq 4,1 faiz, 4,8 faiz və 6,5 faiz artım tempini nümayiş etdirərək sənaye və kənd təsərrüfatı sektorunda davamlı inkişafı təmin edib. Macarıstanda ÜDM artım tempi 0,5 faiz təşkil edib.