BAKI, 1 aprel. TELEQRAF

"Sərnişinlərin rahatlığının təmin edilməsi, turniketlərdə növbələrin azaldılması məqsədilə Biləcəri stansiyasında yeni kassa və yeni turniket zalı tikilib".

Teleqraf xəbər verir ki, bu barədə ADY sədrinin müşaviri Arif Ağayev bildirib.

Onun sözlərinə görə, 7 turniket sərnişinlərin istifadəsinə verilib. Xırdalan stansiyasında mövcud turniket zalı genişləndirilib və turniket sayı 4-dən 9-a çatdırılıb. Məmmədli stansiyasında isə turniket sayı 3-dən 10-dək artırılıb.

A.Ağayev qeyd edib ki, aparilan optimallaşdırmanın məqsədi gündəlik sərnişindaşımanın 37-38 min nəfərdən 48-50 min nəfərə çatdırılmasıdır:

"Ümumiyyətlə isə ADY-nin sərnişin daşımada hədəfi ölkədə, o cümlədən Abşeron dairəvi marşrutu üzrə mobilliyin inkişaf templərini də nəzərə almaqla illik sərnişin sayını 2030-cu ilədək 15 milyon nəfərə çatdırmaqdır".

Qeyd edək ki, son illərdə sərnişin sayında yüksək artım tempi qeydə alınıb. Belə ki, dəmir yolları ilə ölkə daxilində daşınmış sərnişinlərin sayı 2021-ci ildə 2,8 milyon, 2022-ci ildə 5,2 milyon, 2023-cü ildə isə 7,1 milyon, 2024-cü ildə isə 8,5 milyon nəfər təşkil edib.Təkcə bayram günlərində şəhərətrafı və rayonlararası qatarlarla 130 mindən çox sərnişin daşınıb.