
BAKI, 24 mart TELEQRAF
“Moldova yığmasına qarşı iki fərqli oyun izlədik".
Teleqraf-ın məlumatına görə, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Elxan Abdullayev Qəbələdə təşkil olunan təlim-məşq toplanışında Moldova yığması ilə yoxlama oyunlarına dair fikirlərini affa.az-a bölüşərkən deyib.
O toplanışda hamıya şans verməsinin məğlubiyyətdə rol oynadığını bildirib: "İlk görüşdə heç-heçə etdik. İkinci qarşılaşmada isə bütün futbolçulara şans verməyə çalışdım. Heyəti tamamilə dəyişmişdik. Toplanış seleksiya xarakteri daşıyırdı. Növbəti toplanışlarda kimlərlə yolumuza davam etməli olduğumuzu dəqiqləşdirmək üçün hamıya şans verdik. Təbii ki, məğlubiyyətdə bu amil öz təsirini göstərdi. İyunda yenidən bir araya gələcəyik. Futbolçuları izləmək və seçim etmək üçün vaxtımız olacaq. Yaydakı toplanışda qarşıdakı seçmə mərhələ matçlarına hazırlaşacağıq”.
Qeyd edək ki, Moldova ilə ilk görüşdə qolsuz heç-heçə edən Azərbaycan millisi ikinci qarşılaşmada böyük hesabla uduzub - 1:4.