BAKI. 14 mart. TELEQRAF

Ermənistan Futbol Federasiyası (EFF) milli komandanın Göyçə gölünün rəngləri ilə işlənilmiş üçüncü formasını təqdim edib.

Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, gölün ilk dəfə yığmanın ev formasında istifadə olunmuş unikal elementləri indi yeni formanın dizaynında da peyda olub.

Bu geyim EFF və "Macron" şirkətinin əməkdaşlığı nəticəsində ərsəyə gəlib. Ermənistan millisinin fərdi dizaynlı ilk ev futbolkasında Ağrı dağı təsvir olunmuşdusa, bu dəfə növbə Göyçə gölünün çoxsaylı çalarlarına yetişib.

Yığma qarşıdakı oyunlarında azarkeşləri önündə məhz belə formada çıxış edəcək.

Yeni formanın dairəvi yaxalığı və tünddən parlağa keçən müxtəlif göy çalarlara malik horizontal şüayabənzər zolaqları var. "Futbolka"nın dizaynı Göyçə gölünün ətrafına doğru şüaların hərəkətini ifadə edir. Dizaynı EFF və "Macron"un loqoları tamamlayır.

Formanın boyun hissəsində isə Ermənistan bayrağı əksini tapıb.

Qeyd edək ki, Göyçə gölü - ətrafında azərbaycanlıların məskunlaşdığı, Cənubi Qafqazda ən iri şirin sulu göldür. Gölün şimal-qərbində mövcud olmuş ada suyun enməsi nəticəsində yarımadaya çevrilib və Göyçə yarımadası yaranb. Göyçə gölü dəniz səviyyəsindən 1926 m yüksəklikdə və sönmüş vulkanlar əhatəsindədir, səthi 1400 kvadratkilometrdir.

Son zamanlar qərbi azərbaycanlıların doğma yurd-yuvalarına qayıdışı məsələsi gündəmdədir. Belə bir məqamda EFF-nin futbolu siyasətə qatması və yeni gündəm yaratma cəhdi heç də təsadüfi görünmür. Rəsmi Bakının qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı istiqamətində həyata keçirdiyi ardıcıl siyasət Ermənistanda və bu ölkənin siyasi rəhbərliyində ciddi təşviş yaradıb. İrəvan rəsmilərinin son zamanlar verdikləri bəyanatlar da bunu təsdiqləyir.