BAKI, 15 fevral. TELEQRAF

Başımızı aşağı salıb, işimizi görürük. Klub və futbolçu üçün xeyirlisi nədirsə, o olsun. Tək Salifi Suma yox, bir neçə futbolçumuz üçün təklif almışıq”.

Teleqraf xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XXIII turunda “Sumqayıt”ı səfərdə 3:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis vacib qələbə qazandıqlarını bildirib: "Çox vaxtımız olmasa da, oyuna ciddi hazırlaşmışdıq. Rəqibin müqavimət göstərəcəyini bilirdik. Sıx qrafik də oynayırıq və itkilərimiz var. Matçın çətin keçəcəyini bilirdik. İlk hissədə gərgin mübarizə oldu. İki qol vurduq. İkinci hissə daha rahat keçdi. Qarşıda 8 gün vaxtımız var. Vacib oyunlarımız olacaq. Yaxşı istirahət edib, hazırlaşmalıyıq. Qələbə qazansaq da, ciddi müqavimətlə üzləşmişik. Bəlkə də, son dönəmlərin ən stressli komandasına qarşı oynadıq. Yaxşı kollektivdir və heyətlərində yaxşı futbolçular var. Bilirdik ki, maksimal formamızdan bir az aşağı olsaq, çətin olacaq. Uşaqlar oyunun mahiyyətini başa düşürdü”.

Baş məşqçi “dubl” edən Salifu Suma barədə də fikirlərini bildirib: “Futboldur, situasiyanı düzgün dəyərləndirmək lazımdır. Bu gün bunu yox, oyunları düşünmək lazımdır”.

Sadıqov komandasında olan dəyişikliklərdən də söz açıb: “Neftçi” ilə matç bərabərə gedirdi. Qola qədər təhlükəli epizodlar bizdə idi. 88-ci dəqiqəyə qədər ədalətli nəticə bərabərlik idi. “Neftçi”nin standart vəziyyətlərdə təhlükəli olduğunu bilirdik. Məhz belə epizoddan sonra qol buraxdıq. Hər şey bundan sonra başladı. Bütün gücümüzlə hücuma atılıb, qol vurduq. Bəlkə də bu, qələbəyə bərabər olacaqdı. Ancaq sanki oyunçular matçın bitdiyini düşündü. Bundan sonra rəqib yenə qol vurdu. Matçın ardından uşaqlarla danışdıq və bu oyundan dərs çıxarmalı olduğumuzu bildirdik. Rəqibin qələbə qolunda zəncirvari səhvlər etdik. Məyusedicidir, amma oyundan sonra belə qənaətə gəldim ki, bu məğlubiyyətin bizim üçün faydası olacaq. Bu gün də ilk dəqiqədən sona qədər intizamı qoruduq. Ötən oyundakı qol bizi daha böyütdü. Düzdür, komandada bu mövsüm müəyyən dəyişikliklər oldu. Lakin indi detallara varmaq istəmirəm. Ötən il çoxsaylı epizodlar qaçırırdıq. Arada uğursuz seriyaya düşürdük. Qol vura bilmədiyimiz oyunlarda hücumlarımız çox olurdu. Çalışacağıq ki, bütün komponentlərdə inkişaf edək”.

Qeyd edək ki, “Zirə” hazırda 42 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alıb.